ŞAFİİ MƏHƏMMƏD İBN İDRİS
(150/767 – 204/819) – İslamın dörd sünni hüquq məzhəblərindən biri olan Şafii məzhəbinin qurucusu olmuşdur. Məhəmməd ibn İdris hicri 150-ci ildə Qəzzada (Fələstin) doğulmuşdur. Onun soyu Qüreyş qəbiləsindən olmuş, erkən yaşlarında atasını itirdiyindən yoxsulluq içində böyümüşdür.
O, bacarıqlı gənc kimi doğulduğu yerdə Quran və peyğəmbərin göstərdiyi yolu yaxşı öyrənmişdir. Sonra Məkkəyə köçmüş, tanınmış alimlərdən dərs almışdır. Şafiinin Məkkə camaatının adətləri ilə yaxından tanış olmuş, eləcə də hədisləri rəvayət edən peyğəmbər səhabələrinin nəvə-nəticələrini tanımış, onlardan rəvayətlər nəql etmişdir. Bundan başqa o, müxtəlif dini təriqətlərin təlimlərini də öyrənmişdir.
Təhsilini başa vurduqdan sonra Şafii dövlət işində çalışmışdır. O, bir zamanlar Nəcran qazisi (II) olmuşdur. Sonra siyasi baxışlarına görə o, təqiblərə məruz qalmışdır.
Lakin sonra xəlifə Harun ər-Rəşid ona bəraət qazandırmışdır. Bundan sonra Şafii “Üsulül- Fiqh” də hökmlərin çıxarılması metodunu irəli sürmüşdür. Ondan öncə əsaslı fiqh metodu hələ hazırlanmamışdır. O, öz metodunda Quran və hədislərin açıq mənalarına istinad etmiş, kəlamçıların (I) metodlarından çəkinmişdir.
Şafii ölkə quruculuğunda Xilafət idarə sistemini dəstəkləyirdi. Müsəlmanların çoxu kimi Şafii də xəlifənin qureyşdən olmasını israr edirdi. Şafii üçün ən ideal dövlət quruluşu Raşidi xəlifələr dövrü olmuşdur.
Daha sonra Şafii müəllimliklə məşğul olmuş, bu işdə o böyük hörmət qazanaraq el arasında məşhurlaşmışdır. Onun fəaliyyətini Əbülhəsən Səbbah Zəfərani adlı tələbəsi “Kitabül-Ümm” kitabında işıqlandırmışdır.
Şafiinin elmi irsi İraq və Misirdə geniş əks səda doğurmuşdur. O, İraqda olarkən çox əhəmiyyət kəsb edən hüquqi hökmlər çıxarmışdır.
Sonra o, Misirə köçdükdən sonra onlara bir daha qayıtmış, başqa tərəfdən yanaşaraq onları yeniləmiş, onlara üstünlük verilməsini vəsiyyət etmişdir. Şafii hicri 204- cü ildə Misirdə 54 yaşında vəfat etmişdir.